Svetlana Kekova
1951-ci ildə Aleksandrovsk-Saxalinsk şəhərində anadan olub. Saratov Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya elmləri doktoru, Nikolay Zabolotski və Arseni Tarkovskinin yaradıcılığının tədqiqatçısıdır. “Yeddi təpədə” (2001), “Sarı dağın ətəyində” (2006), “Emmaus yolunda” (2007), “İnsanlar və mələklər haqqında şeirlər” (2009), “Yüz şeir” (2012), “Xəttatlıq dərsləri” (2012), “Alma və xaç” (2021) da daxil olmaqla iyirmi şeir kitabının müəllifidir. Şeirləri Avropa və Asiya xalqlarının dillərinə tərcümə edilib. “Znamya” və “Novıy mir” jurnallarının mükafatlarına, eləcə də yerli və beynəlxalq “Apollon Qriqoryev”, “Moskva — Tranzit”, “Arseni və Andrey Tarkovskilər” (Ukrayna), “Antologiya”, “Puşkin”, “Moskovskiy sçyot”, “Voloşin” mükafatlarına layiq görülüb. Saratovda yaşayır.
Ədəbiyyatşünas və tənqidçi Naum Rezniçenko onun barəsində yazır: “Kekova sanki Puşkinin xrestomatik “Fikirləşmək və əzab çəkmək üçün yaşamaq istəyirəm” düşüncəsiylə mübahisə edir, diqqət çəkir, əslində böyük şairi təkrarlayır və şeirlərində yaşayır, düşünür, əzab çəkir...”