Aleksandr Kuşner

1936-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. A. Gertsen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb, orta məktəbdə rus dili və ədəbiyyatını tədris edib. “Tutqun ulduzda” (1994), “ Kol” (2002), “Tavriya bağçası” (2008), “Yerin cazibəsi” (2015), “Payız teatrı” (2020) adlı şeir, klassik və müasir rus ədəbiyyatı ilə bağlı beş esse və məqalə kitablarının müəllifidir. Şeirləri ingilis, ərəb, Vyetnam, ivrit, italyan, Çin, alman, Niderland, fransız, yapon və b. dillərə çevrilib, Hollandiya, İtaliya və ABŞ-də şeir kitabları nəşr olunub. Bir çox milli və əcnəbi ədəbi ödüllərin, o cümlədən RF Dövlət mükafatının, Alfred Tepfer Fondunun (Almaniya) “Puşkin” mükafatının, “Şair” milli mükafatının, “Qızıl Tibet antilopu” (Çin), “Severnaya Palmira”, “Çarskoselsk” ədəbi ödüllərinin sahibidir. Sankt Peterburq şəhərində yaşayır.

Öz şair həmkarı barədə 1990-cı ildə İosif Brodski belə yazırdı: “Aleksandr Kuşner XX əsrin ən yaxşı lirik şairlərindəndir, onun adı həmişə doğma dili rusca olan hər kəs üçün əziz adlarla bir sırada çəkiləcək”. XXI əsrin dərinliklərinə doğru, otuz ilə yaxındır ki, Brodskinin bu sözləri əvvəlki kimi öz təsdiqini tapır. Şair öz intellektual və mənəvi fəaliyyətini, yeni ifadə vasitələri və məna axtarışlarını davam etdirir, ilham pərisi də səxavətini ondan əsirgəmir.